26-29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı.

“TEKNOFEST” – elm, inkişaf, bilik və texnologiyanın bayramıdır.

2022-ci ilin 26-29 May tarixlərində, Bakıda keçirilmiş, Türkiyənin ən iri miqyaslı aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də Azərbaycanı bir neçə yerli şirkət uğurla təmsil etmişdir. Bunlardan birisi də, regionun mürəkkəb informasiya sistemləri və proqram  təminatı bazarında dövlət əhəmiyyətli layihələrə imza atmış “İDRAK Texnoloji Transfer” şirkətidir.

1990-cı ildə “İDRAK LTD” olaraq təsis edilmiş və daha sonra 2003-cü ildə “İDRAK Texnoloji Transfer” olaraq qeydiyyatdan keçmiş şirkət, öz innovativ məhsullarını nümayiş etdirərək qonaqların və habelə festival təsisçilərinin diqqətini cəlb etmişdir.

Şəxsiyyət vəsiqələrinin verilməsi sistemi (e-İD); Elektron pasportların verilməsi sistemi (e-Pasport); Xarici vətəndaşlar üçün viza verilməsi sistemi; Sərhəd nəzarət sistemi; Təhlükəsizlik sistemləri: “Təhlükəsiz şəhər”,“Təhlükəsiz region”; Təhlükəsiz yük daşıma sistemi: “Elektron plomb”; Nəzarət altında olan şəxslərin monitorinq sistemi “ŞANS” və sair sistemlərin müəllifi olan “İDRAK Texnoloji Transfer” zamanla ayaqlaşan, vətəndaşların həyat standartlarını yaxşılaşdıran  bir innovasiya şirkətidir.

“İDRAK Texnoloji Transfer” şirkətinin ləyihələndirərək istehsal etdiyi “E-Təhsil”, “Ağıllı Lövhə” (Smart Board), “Ağıllı Eynək” (Smart Glasses), “Ağıllı Əlil Arabası” (Smart Wheelchair), “Ağıllı Dayanacaq” (Smart Bus-stop), “Ağıllı Yol Nişanları” (Smart Road Signs), “Avtonom Robotik Platforma” və habelə “Pilotsuz Uçuş Aparatları” qısa müddətdə gələn qonaqların rəğbətini qazanmışdır. Şirkət stendini ziyarət edən Dövlət Sərhəd Xidmətinin rəisi General Polkovnik Elçin Quliyev, Müdafiə Sənayesi naziri General Polkovnik Mədət Quliyev, Energetika naziri Pərviz Şahbazov, Baykar Makina şirkətinin texniki direktoru və Bayraktar PUA-larının ixtiraçısı olan Selcuk Bayraktar və digər yüksək rütbəli qonaqlar xoş təsuratlarını bölüşərək, gələck layihələrdə də aktiv tərəfdaşlığın mümkün olacağını qeyd etmişlər.

Şirkətin stendi festival təsisçiləri tərəfindən “Smart Stend” sertifikatı ilə təltif olunmuşdur.

“Azərbaycan İstehsalı” şüarı ilə fəaliyyət göstərən “İDRAK Texnoloji Transfer” şirkətinin təsisçisi Hikmət Abdullayev bildirmişdir ki, bundan sonra da şirkət ölkə iqtisadiyyatına öz tövhələrini verməyə qürurla dəvam edəcəkdir.